İsmayıllıda “Qəhrəman Təhsil İşçiləri” kitabının təqdimatı olub

İsmayıllı rayonunda ATİAHİ Respublika Komitəsinin nəşr etdiyi “Qəhrəman Təhsil İşçiləri” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, YAP və Gənclər İdarəsinin nümayəndələri, şəhid müəllim Famil Əhmədzadənin ailə üzvləri, Vətən müharibəsində iştirak etmiş 20 nəfər təhsil işçisi, hərbi rəhbərlər və müsabiqə qalibi olmuş şagirdlər iştirak ediblər.
Əvvəlcə şəhər 3 №-li məktəb-liseydə şəhidlər üçün yaradılmış “Xatirə Kompleksi”nin üstünə tər çiçəklər qoyulub, şəhid Famil Əhmədzadənin adı verilmiş tarix diyarşünaslıq muzeyinə baxış keçirilib.
Təqdimat mərasimində kitab haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kitabda Vətən müharibəsində iştirak etmiş, qələbədə böyük pay sahibi olan bütün təhsil işçiləri haqqında məlumatlar əks olunub. Onların təbliğ olunması üçün bu kitab dəyərli vəsaitdir. Mərasimdə müharibə iştirakçısı olmuş təhsil işçiləri kitabın əhəmiyyətindən, həmçinin keçdikləri şərəfli döyüş yollarından, hazırda onlara ölkəmizdə olan ali münasibətdən danışıblar. Onlar kitabın hazırlanmasında əməyi olan hər kəsə təşəkkür ediblər.
Sonda müharibə iştirakçısı olmuş təhsil işçilərinə hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo