İsmayıllıda müəllimlər arasında futbol yarışı keçirilib

Mayın 5-də İsmayıllı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təhsil müəssisələrində çalışan gənc müəllimlər arasında mini futbol yarışı təşkil olunub. ATİAHİ İsmayıllı rayon komitəsi tərəfindən baş tutan turnirin açılış mərasimində Ulu Öndərin həyat və fəaliyyətinə nəzər salınıb. Bildirilib ki, müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, hərbi intizam möhkəmləndirilmişdir. Vurğulanıb ki, bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən Orduya malik olması Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən birinin bariz nəticəsi sayıla bilər.
Çıxışlardan sonra yarışa start verilib. Maraqlı və gərgin keçən turnirin qalibləri ATİAHİ İsmayıllı rayon komitəsi tərəfindən diplom və pul mükafatı ilə təltif olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo