İsmayıllıda müəllimlər 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunub


İsmayıllı rayonunda ATİAHİ İsmayıllı rayon komitəsi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi (DŞRTİ) və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. 

Tədbirdə rayonun bütün  təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl müəllimlər, övladları 44 günlük Vətən müharibəsində şəhid olmuş 6 təhsil işçisi, Respublika və rayon müsabiqələrində şagirdləri uğur qazanmış müəllimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən RİH-nin başçısının müavini Sevil Əhmədova  ölkə başçısı cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi qayğıdan danışaraq bildirib ki, rayonda bu il 2 orta və 3 modul məktəbin tikilib istifadəyə verilməsi, 10-dan çox məktəbin təmir edilməsi ölkə başçısının rayonun təhsilinə göstərdiyi qayğının bariz nümunəsidir. O, RİH-nin başçısı adından bütün müəllimləri, xüsusən tədbirdə iştirak edən müsabiqə qaliblərini və qabaqcıl təhsil işçilərini bayram münasibətilə təbrik edib. DŞRTİ-nin müdir müavini  Rahim Baxışov, YAP rayon təşkilatının sədri  Zaur Muradov, rayon komitəsinin sədri Hafiz Kərimov, Əməkdar müəllim Aydın Əzizov çıxışlar edərək təhsilə göstərilən qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Sonra  şagirdləri Respublika, beynəlxalq və rayon müsabiqələrində qalib olmuş müəllimlərin mükafatlandırılması mərasimi keçirilib. Öncə övladları şəhid olmuş müəllimlərə, o cümlədən Vətən müharibəsində şəhid olmuş şəhər 3 N-li məktəb-liseyin müəllimi Famil Əhmədzadənin ailəsinə fəxri fərman və pul mükafatı verilib. Ardınca müsabiqələrdə qalib olmuş daha 60 təhsil işçisi diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo