İsmayıllıda hesabat-seçki yığıncaqları davam edir


ATİAHİ İsmayıllı rayon komitəsi ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə hazırlıqla əlaqədar seminar keçirib. İlk həmkarlar ittifaqı sədrləri, məktəb direktorları, ittifaq üzvlərinin iştirak etdiyi iclasda hesabat-seçki yığıncaqlarının keçirilmə vaxtı, iştirak edəcək şəxslər təsdiq edilib, təlimat və metodik vəsaitlərlə tanışlıq olub. Hesabat-seçki yığıncaqlarında namizədlər irəli sürülərkən gender balansının qorunması və gənclərə şərait yaradılması, həmçinin həmkarlar ittifaqlarının effektiv fəailiyyətini təmin edə bilən, işgüzar, təşəbbüskar, səriştəli həmkarlar ittifaqı fəallarının nəzərə alınması tövsiyə olunub.

Qeyd edək ki, yanvar ayının əvvəlindən start götürən yığıncaqlar fevralın 20-dək davam edəcək. Artıq İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə, 1, 2, 4, 5, 6 nömrəli şəhər məktəblərində, eləcə də Diyallı, Quşencə, Təzəkənd, Cülyan, Qoşakənd  kənd tam orta məktəblərində yığıncaqlar keçirilib. Həmin tədbirlərdə İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov iştirak edərək ittifaq üzvlərinin rəy və təkliflərini dinləyib.

Yığıncaqlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının əbədiləşdirilməsi üçün müvafiq tədbirlərin görülüb, şəhid ailələrinə, xüsusən övladı şəhid olmuş 6 təhsil işçisinə, 25 təhsil işçisi olan qaziyə rayon komitəsi tərəfindən mütəmadi olaraq diqqət və qayğı göstərilib. Qeyd olunub ki, işçilərin asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının bərpası həmkarlar təşkilatının əsas diqqətindədir. Nabranda yerləşən “Təhsil“ istirahət mərkəzində 100 nəfərdən çox təhsil işçisinin dincəlməsi, 185-nin isə sanatoriyalarda müalicəsi təşkil olunub. Şəhər 1, 2 və 3 nömrəli, Talıstan, Təzəkənd, Cülyan kənd məktəb kollektivlərinin Göy-Göl, Şəki və Quba rayonlarına turları həyata keçirilib.

Yığıncaqlarda ittifaq üzvləri tərəfindən bəzi məktəblərdə isitmə sitemlərinin zəif olmasının əmək prosesinə mənfi təsir etdiyi bildirilib. Qaldırılan problemin yaxın vaxtlarda aradan qaldırılması ilə bağlı ciddi iş aparılacağı müəllimlərin diqqətinə çatdırılıb. Yığıncaqlarda məktəbin daxili intizam qaydalarına, dərs bölgüsünə və dərs cədvəllərinin tərtibinə həmkarlar ittifaqlarının nəzarət etməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, artıq hesabat-seçkilərin keçirildiyi ilk həmkarlar ittifaqlarında namizədlər üçün bərabər imkanlar yaradılıb, seçkilər sərbəst şəkildə təşkil edilib, yeni tərkibdə gənclər və qadın müəllimlər qənaətbəxş səviyyədə təmsil olunurlar. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo